"Beynəlxalq ictimaiyyət və BMT Əfqanıstanda qadın hüquqlarının ciddi şəkildə pozulması qarşısında dayana bilməz".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Çili Prezidenti Sebastian Pinera BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.
"Əfqanıstanda qadınlara qarşı təcavüz bütün dünyadakı qadınlara qarşı təcavüzdür. Qadınları qorumaq üçün birlikdə çalışmalıyıq. Onlara hüquq və azadlıqlarını tam olaraq qaytarın", - Pinera bildirib.
O əlavə edib ki, Əfqanıstanda qadınların hazırkı vəziyyəti bütün insanlığı narahat edir.
"Əfqanıstanda qadınların təhsil almalarını qadağan etmək istəyənlər, məcburi nikah, onlara qarşı cinayətlərdə günahkar olanların cəzasız qalmasını təmin etmək və digər hüquqlardan məhrum etmək istəyənlər yenidən hakimiyyətə qayıdıb, - Çili Prezidenti vurğulayıb.