Bakı. 16 aprel. REPORT.AZ/ Çexiya iqtisadi sanksiyalar təhlükəsi olsa belə, Avropa İttifaqının (Aİ) razılaşdırılmış kvotası üzrə qaçqın qəbul etmək niyyətində deyil.
“Report” xəbər verir ki, bu barədə Praqanın "Pravo" qəzetinə ölkənin daxili işlər naziri Milan Xovanets məlumat verib.
"Biz təqribən 1600 qaçqından (Aİ-nin paylayıcı kvotası üzrə) 12-sini qəbul etdik. Yerdə qalanlar üzərində aparılan yoxlamalar (Milli təhlükəsizlik tələblərinə uyğunluğu üçün) göstərir ki, onlardan artıq heç birini qəbul etmək olmaz", - deyə o bildirib.
Nazirin qiymətləndirməsinə görə, Aİ qaçqın qəbulundan imtina səbəbindən Çexiyaya qarşı payızda “sanksiya tətbiqi” prosesinə başlaya bilər.
Xovanets hesab edir ki, ölkə hətta sanksiya təhlükəsi altında belə qaçqın qəbuluna razılaşmamalıdır.