Çexiya pandemiya səbəbindən fövqəladə vəziyyəti bərpa edəcək

Çexiya pandemiya səbəbindən fövqəladə vəziyyəti bərpa edəcək Çexiyada yoluxma hallarının ümumi sayı 65 883 nəfərə çatıb, 618 nəfər COVID-19 qurbanı olub.
Digər ölkələr
29 Sentyabr , 2020 13:23
Çexiya pandemiya səbəbindən fövqəladə vəziyyəti bərpa edəcək

Çexiya hökuməti çərşənbə günü keçiriləcək növbədənkənar iclasda koronavirusun yayılması səbəbindən fövqəladə vəziyyət rejiminin bərpa edilməsinə qərar verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiya Baş Naziri Andrey Babiş jurnalistlərə bildirib.

Onun sözlərinə görə, respublikadakı epidemioloji vəziyyət ciddi narahatlıq doğurur və bu səbəbdən martın 12-dən mayın 17-dək davam etmiş fövqəladə vəziyyət rejiminin bərpası üzrə Səhiyyə naziri Roman Prımulanın təklifinin qəbul edilməsi zəruridir.

Baş nazirdən başqa, Çexiya Baş nazirinin birinci müavini və Daxili İşlər naziri Yan Hamaçek də Səhiyyə nazirinin təşəbbüsünü dəstəklədiyini açıqlayıb. Praqada respublika hökumətinin fövqəladə vəziyyət rejiminin bərpasına səs verəcəyinə şübhə etmirlər. Rejimin Nazirlər Kabineti tərəfindən müvafiq qərar verilən andan qüvvəyə minəcəyi gözlənilir, onun müddəti isə ölkədəki epidemioloji vəziyyətə uyğun müəyyənləşdiriləcək.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri əhalisi təqribən 10,7 milyon olan Çexiyada yoluxma hallarının ümumi sayı 65 883 nəfərə çatıb, 618 nəfər COVID-19 qurbanı olub. 31 799 nəfər sağalıb, 33 466 pasiyentin müalicəsi davam edir. Bu, pandemiya dövründə ən böyük göstəricidir. 820 pasiyent xəstəxanaya yerləşdirilib, onlardan 187-nin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi