Polis, yüksək səviyyəli məmurların korrupsiyaya qarşı istintaq idarəsi və Prezidentin Təhlükəsizlik Xidmətinin nümayəndələri dövlət başçısı Yun Sok Yolun həbsinə dair orderi müzakirə etmək üçün bir araya gəliblər.
“Report” xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Koreya Respublikasının Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri O Don Sun bildirib ki, müstəntiqlər ölkənin sabiq prezidenti həbs etmək üçün ikinci cəhdə hazırlaşacaq.
Bəzi məlumatlara görə, polis həbsə minə qədər müstəntiq cəlb etməyi planlaşdırır.
Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.
Bundan sonra ordunun və təhlükəsizlik qüvvələrinin bir sıra yüksəkrütbəli zabitləri hərbi vəziyyətlə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Dekabrın əvvəlində məhkəmə Yun Sok Yol haqqında da həbs qərarı çıxarıb. Yanvarın 3-də sabiq dövlət başçısının saxlanılması üçün order alan müstəntiqlər prezident mühafizəçilərinin müqaviməti səbəbindən həbsi həyata keçirə bilməyiblər.