Cənubi Koreyanın ABŞ-a artilleriya mərmiləri verməsinə dair razılıq əldə olunub.
“Report” “Reuters”ə istinadən bildirir ki, Vaşinqton Seuldan 500 000 ədəd 155 mm-lik artilleriya mərmisi alacaq.
Cənubi Koreyada çıxan “Dong-A Ilbo” qəzetinin yaydığı məlumata görə, bu da Vaşinqtona Ukraynaya döyüş sursatının tədarükündə daha çox çeviklik imkanı yarada bilər.
Qəzet hökumətdəki adını açıqlamadığı mənbəyə istinadən yazıb ki, rəsmi Seul Ukraynadakı müharibədə Cənubi Koreya mərmilərinin istifadəsini minimuma endirmək üçün sursatları satmaq əvəzinə borc verməyə qərar qəbul edib.
Rəsmi Seul və Vaşinqton məsələ ilə bağlı danışıqlar apardıqlarını təsdiqləsələr də, razılaşmanın yekunlaşdırılıb tədarük edilməsi barədə rəsmi açıqlama verilməyib.
Məlumata görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi müttəfiqlərin Ukraynanın azadlığını qorumaq, ona dəstək olmaq yollarını axtardıqlarını bildirsə də, ancaq konkret müzakirələri təsdiqləməkdən imtina ediblər. ABŞ Dövlət Departamenti də şərh verməyib.
Cənubi Koreyanın xarici işlər naziri Pak Jin jurnalistlərə açıqlamasında qəzetin xəbərini təsdiq edə bilməyəcəyini desə də, hökumətin Ukraynaya yardım göstərməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını da əlavə edib.
Bildirilib ki, Cənubi Koreya ABŞ-ın əsas müttəfiqi və əsas artilleriya sursatları istehsalçısıdır.
Cənubi Koreya Prezidenti Yun Sok Yol Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə Vaşinqtonda keçirdiyi görüşdə bildirib ki, ölkəsi Ukraynaya öldürücü silahlar tədarük etmir, bunun yerinə humanitar yardımı genişləndirəcək.