Bu gün Paris vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-də) Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronun inauqurasiya mərasimi keçiriləcək.
“Report” BFMTV telekanalına istinadən xəbər verir ki, mərasim saat yarım davam edəcək.
Telekanalın Prezidentin ətrafına istinadən məlumatına görə, bu münasibətlə Yelisey meydanında zəfər keçidi olacaq.
Müəyyən edilmiş protokola əsasən, mərasim prezident seçkilərinin ikinci turunun rəsmi nəticələrinin oxunması ilə başlayacaq. Seçkilərin nəticələrini Konstitusiya Şurasının rəhbəri Loran Fabius elan edəcək.
Bundan sonra Makron Fəxri Legion Ordeninin Baş magistri kimi tanınacaq (yalnız Fransa Prezidentinə verilir). Ona ordenin qızıl zənciri təqdim olunacaq.
Sonra Makron sələfləri Nikola Sarkozi, Fransua Ollandın və Fransa siyasətindəki bir sıra digər tanınmış şəxslərin iştirakı ilə qarşıdan gələn beş illik mandatla bağlı 20 dəqiqəlik inauqurasiya nitqi ilə çıxış edəcək.
Mərasimə 450 qonaq dəvət olunub. BFMTV qeyd edir ki, inauqurasiyada Prezidentin ailə üzvləri və yaxınları ilə yanaşı, “son beş ildə fəaliyyəti ilə fərqlənənlər olacaq”. Telekanal Yelisey Sarayına istinadən xəbər verir ki, qonaqlar arasında səhiyyə, gənclər, şəhər merləri, idmançılar, prezidentin hərbi, siyasi tərəfdarları, eləcə də müəssisə rəhbərlərinin və həmkarlar ittifaqlarının nümayəndələri olacaq.
Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turunda Makron 58,55% səslə rəqibi Marin Le Peni (41,45%) qabaqlayıb.
Fransa Konstitusiya Şurası aprelin 27-də onu ölkə Prezidenti elan edib.