Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderləri Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Vladimir Putin və Emanuel Makron Suriya məsələsinə dair dördtərəfli danışıqlar aparacaqlar.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, yerli vaxtla saat 15.00-də başlayacaq zirvə görüşündən əvvəl iştirakçılar arasında bir sıra ikitərəfli görüşlər keçiriləcək.
Liderlərin sammiti 3 saat davam edəcək.
Mətbuat üçün yekun bəyanatın başlanması isə saat 18:00-a təyin olunub.
Belə formatda Suriya məsələsinə dair ilk tədbir olan bu zirvə görüşü əvvəlcə sentyabr ayına təyin olunmuş, lakin iştirakçıların gərgin qrafiki üzündən təxirə salınmışdı.
Suriyaya dair dördtərəfli zirvə görüşü İstanbulun Vəhdəddin Sarayında keçiriləcək. Vaxtilə Osmanlı imperiyasının son sultanı Mehmed VI Vəhdəddinə məxsus olan bu saray 2014-cü ildə başa çatmış bərpa işlərindən sonra Türkiyə Prezidentinin İstanbulun Anadolu sahillərindəki iqamətgahı kimi istifadə olunur.