Buxarest. 26 fevral. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) regional enerji bazarlarına dəstək məqsədilə Rumıniyanın "Transqaz" şirkətinə yeni qaz kəməri – BRUA-nın (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) tikinitisi üçün 60 milyon avro kredit ayırıb.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, "Transqaz"a veriləcək kredit qaz kəmərinin Rumıniya hissəsinin inşası üçün nəzərdə tutulur.
"Bu bizim şirkət və AYİB üçün həqiqətən də xüsusi bir hadisədir. Hazırda Avropa Komissiyası tərəfindən dəstəklənən BRUA – böyük bir infrastruktur layihəsidir və qaz kəmərinin keçəcəyi dövlətlər arasında vacib əlaqəni təmin edəcək", - deyə "Transqaz" şirkətinin baş direktoru İon Sterian bildirib.
Uzunluğu 1318 km olan qaz kəməri yaxın gələcəkdə TAP və TANAP vasitəsilə nəql ediləcək Azərbaycanın mavi yanacağının Mərkəzi və Qərbi Avropa ölkələrinə çatdırılmasına da töhfə verə bilər.
Qeyd edək ki, Rumıniya ərazisindəki tikintinin ümumi dəyəri 480 milyon avro həcmində qiymətləndirilir. Qaz kəmərinin inşasına Avropa Birliyi 179, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. "Transqaz" şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyəcək.
Xatırladaq ki, AYİB Rumıniyada ən böyük investorlardan biridir. Bu günədək bank tərəfindən ölkə üzrə 400-dən çox layihəyə təqribən 8 milyard avro sərmayə yatırıb.