Londonda atışma zamanı yaralananların sayı artıb - YENİLƏNİB

Digər ölkələr
  • 14 yanvar, 2023
  • 23:11
Londonda atışma zamanı yaralananların sayı artıb - YENİLƏNİB

Böyük Britaniyanın paytaxtı London polisi şəhərin mərkəzində ötən gün baş verən atışmada yaralananların sayının 6 nəfərə çatdığını bildirib.

“Report” xəbər verir ki, paytaxt polisi bu barədə tviterdəki hesabında məlumat yayıb.

“Bu gün (dünən-red) gündüz “Phoenix road”da baş verən atışmada altı nəfərin yaralandığını təsdiqləyə bilərik. Onların arasında xəstəxanada ağır vəziyyətdə olan yeddi yaşlı qız da var. Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

12 yaşlı qızın ayağından yüngül yaralandığı və artıq xəstəxananı tərk etdiyi bildirilir. Hadisə zamanı həmçinin 21, 41, 48 və 54 yaşlı 4 qadın da yaralanıb.

Dünən məlumat verilib ki, Londonun mərkəzində naməlum şəxslər ətrafdakılara atəş açıb. Hadisə zamanı üç qadın və yeddi yaşlı qız yaralanıb. İnsident Londonun şimalında dəfn mərasiminin keçirildiyi kilsənin yaxınlığında baş verib.

Polis naməlum silahlı şəxslərin hərəkətdə olan avtomobildən atəş açdığını bildirib.

Hadisə ilə bağlı hələ saxlanılan yoxdur.

14.01.2023..22:00

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində silahlı insident baş verib, yaralananlar var.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, avtomobildə olan naməlum şəxslər kilsənin yerləşdiyi küçədə insanlara atəş açıblar. Nəticədə üç qadın və bir uşaq güllə yaraları ilə xəstəxanaya aparılıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir, hadisənin başvermə şəraiti dəqiqləşdirilir.

Atışma ilə bağlı hələlik saxlanılan yoxdur.