Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ukrayna şəhərlərinin enerji və digər infrastrukturlarına hücumda istifadə etdiyi, İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını getdikcə uğurla dəf edir.
“Report”un məlumatına görə, bu barədə Böyük Britaniya kəşfiyyatının tviter səhifəsində məlumat verilib.
“Rusiya Ukrayna ərazisində hədəflərə qarşı İran istehsalı olan PUA-lardan istifadə etməyə davam edir. Ukrayna “Şahed-136” PUA-larını zərərsizləşdirmək məsələsində daha çox uğur qazanır”, - məlumatda qeyd edilib.
Ukrayna ordusunun rəsmi məlumatlarına görə, Rusiya Silahlı Qüvvələrinin bütün hücumlarının, təxminən, 85 %-i dəf edilir.
Britaniya kəşfiyyatı bildirib ki, Rusiya güman ki, uzaqmənzilli dəqiq silahlarının artan çatışmazlığını doldurmaq üçün çox sayda İran istehsalı olan PUA-lardan istifadə edir: “Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi PUA-lar məhdud manevrə, sürətə malikdir və çox səs-küylüdür. Bu da onları adi hava hücumundan müdafiə sistemləri üçün asan hədəfə çevirir”.