Bolqarıstan-Türkiyə sərhədi yaxınlığında yerləşən Haskovo vilayətinin Svilenqrad və Topolovqrad rayonlarında qeyri-qanuni miqrantlar səbəbindən qismən fövqəladə vəziyyət elan edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Minko Angelov məlumat verib.
Fövqəladə rejimin sentyabrın 23-ü günorta saatlarından sentyabrın 29-u saat 12:00-dək qüvvədə olacağı bildirilir. Səbəb kimi sərhədyanı rayonlarda artan miqrasiya təzyiqi ilə bağlı yaranmış mürəkkəb vəziyyət göstərilir. Məqsəd ölüm hallarının, həmçinin əhalinin əmlakına, ölkə iqtisadiyyatına və ətraf mühitə zərər dəyməsinin qarşısını almaqdır.
Oxşar tədbirlərin Burqas və Yambol vilayətlərində də həyata keçirildiyi bildirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən 103 998 miqrant Türkiyədən Bolqarıstana qeyri-qanuni yolla daxil olmağa cəhd edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Təkcə son bir həftə ərzində 6264 sərhədi keçmə cəhdi qeydə alınıb.