Baş nazir: "Bolqarıstan və Rumıniya arasında mavi yanacağın nəqli üçün nəqliyyat sistemi yaradılacaq"

Digər ölkələr
  • 06 noyabr, 2016
  • 20:08
Baş nazir: Bolqarıstan və Rumıniya arasında mavi yanacağın nəqli üçün nəqliyyat sistemi yaradılacaq

Sofiya. 7 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Rumıniya və Bolqarıstanı birləşdirəcək “Giurgiu-Russe” qaz kəməri istifadəyə veriləcək. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Latviyanın paytaxtı Riqada Mərkəzi və Şərqi Avropa dövlətləri ilə Çinin hökumət başçılarının “16+1” formatında keçirilən sammiti çərçivəsində Bolqarıstanın baş naziri Boyko Borisov serbiyalı həmkarı Aleksandr Vuçiçlə keçirilən görüşündə bildirib.

Baş nazir əlavə edib ki, bununla da Bolqarıstan və Rumıniya arasında mavi yanacağın nəqli üçün nəzərdə tutulan nəqliyyat sistemi yaradılacaq. “Bolqarıstan fəal şəkildə mavi yanacağın nəqli və qaz kəmərlərinin diversifikasiyasında maraqlıdır”, - deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, “Giurgiu-Russe” qaz interkonnektorunun ümumi uzunluğu 25 km-dir. Onun 15,4 km. hissəsi Bolqarıstan, 7,5 km. hissəsi isə Rumıniya ərazisini əhatə edir. Kəmərin Dunay çayının dibi ilə keçən hissəsinin uzunluğu 2,1 km-dir.

Qaz kəmərinin illik ötürücü gücü 1,5 mlrd. kubmetrdir. Layihənin ümumi dəyəri 23 mln. avro təşkil edib. Avropa Komissiyası layihəyə 8,9 mln. avro vəsait ayırıb. Bolqarıstan tikintiyə 13 mln, Rumıniya tərəfi isə 10 mln. avro xərcləyib. Tikinti işləri Rumıniyanın "Transgaz" və Bolqarıstanın "Bulgartransgaz" şirkətləri tərəfindən birgə həyata keçirilib.