BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı, dekabrın 19-da ərəb ölkələrinin Fələstin-İsrail münaqişəsinə dair yeni qətnamə layihəsinə səs vermək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə qurumun dekabrda sədri vəzifəsini icra edən Ekvadorun BMT yanında Daimi Nümayəndəliyi bildirib.
Yaxın Şərqlə bağlı yeni qətnaməyə səs vermək üçün bazar ertəsi Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyi gözlənilirdi, lakin bu, qurumun dekabrın 18-i üçün iş qrafikindən çıxarılıb. “BƏƏ-nin müraciəti ilə BMT Təhlükəsizlik Şurasının sədrliyi hazırda Yaxın Şərq üzrə görüşü sabah səhərə (bu gün - red.) təxirə salmağa çalışır”, - Daimi Nümayəndəlikdən bildirilib.
BƏƏ, Misir və Fələstinin sponsorluğu ilə hazırlanan sənəd 16 bənddən ibarətdir və Qəzza zolağına humanitar yardım axınının artırılmasına yardım etmək məqsədi daşıyır. Qətnamə layihəsində xüsusilə, keçid məntəqələri vasitəsilə Qəzza zolağına humanitar yardım axınının asanlaşdırılması, anklavın “mövcud ehtiyaclarını ödəmək üçün kifayət qədər” yanacaq tədarükü, BMT obyektlərinin və personalının mühafizəsi tələb olunur.
Qətnamə layihəsində həmçinin “hümanitar hüququn hər hansı pozuntusu, o cümlədən mülki şəxslərə və obyektlərə ayrıseçkilik etmədən hücumlar, mülki şəxslərə qarşı zorakılıq, habelə terror aktları qətiyyətlə pislənir.