Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı Çinin Sincan-Uyğur Muxtar Rayonunda (SUMR) uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat dərc edib.
“Report” xəbər verir ki, sənəddə BMT-nin SUMR-dakı müşahidələri bənd-bənd sadalanır.
Onların arasında müsahibələr zamanı uyğurlardan toplanan məlumatlar var: işgəncə, qəddarca rəftar və zorakılıq təcrübələri. Hesabatda 2017-2019-cu illər arasında “Peşə Təhsili və Hazırlığı Mərkəzləri” adlanan yerdə saxlanılan uyğurların sayının “əhəmiyyətli dərəcədə çox olduğu və uyğurların, həmçinin əsasən müsəlman olan digər azlıqların önəmli bir hissəsini təşkil etdiyi” bildirilib.
BMT-yə müsahibə verən uyğurlardan heç biri mərkəzləri tərk edib evlərinə gedə biləcəklərini deməyib. Üstəlik, mərkəzlərə göndərilməzdən əvvəl onların əksəriyyəti polis bölmələrində saxlanılıb, orada da seçim haqqı verilmədən zorla aparılıblar.
Bir qayda olaraq, uyğurlar iki aydan 18 aya qədər Çində səkkiz yerdə bu mərkəzlərdə qalıblar. Müsahibə alınan iyirmi altı keçmiş məhbusun üçdə ikisi işgəncəyə və qəddar rəftara məruz qaldığını açıqlayıb. Onları hərəkət etmək mümkün olmayan pələng kreslosu adlanan yerdə saxlayıblar, dəyənəklərlə, o cümlədən elektrik dəyənəklərlə döyüblər və üzlərinə su tökərək dindiriblər.
Bəzi keçmiş məhbuslar mərkəzlərdə qandalda saxlandıqlarını bildiriblər. Həmçinin mərkəzlərin əməkdaşları gecə saatlarında kameralarda işıqları yandıraraq uyğurların yatmasına mane olublar. Onların bəzilərini kamera yoldaşlarının namaz qılmaması üçün gecə işləməyə məcbur ediblər. Uyğurlara naməlum dərmanlar vurulub ki, bu da onların yuxululuğuna səbəb olub.
Döyülmə və işgəncələrlə yanaşı, əksəriyyəti qadınlardan ibarət bəzi məhbuslar təcavüzə məruz qalıb. Müsahiblərin sözlərinə görə, mühafizəçilər onları sorğu-sual kontekstində oral sekslə məşğul olmağa məcbur edib və kameraları olmayan otaqlarda zorlayıblar. Bir neçə qadın da məcburi invaziv ginekoloji müayinələrə məruz qaldıqlarını bildirib.
Çinin BMT-dəki Daimi Nümayəndəliyi hesabatı pisləyib və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının “Çinə qara yaxdığı və böhtan atdığını” qeyd edib. Çin diplomatları iddia ediblər ki, onlar “anti-Çin qüvvələri tərəfindən uydurulmuş dezinformasiya və yalanlar” kampaniyasının hədəfinə çevriliblər.
“Sincanda sosial sabitlik, iqtisadi inkişaf, mədəni rifah və dini harmoniya hökm sürür, bütün etnik qrupların insanları sülh və əmin-amanlıq içində xoşbəxt həyat sürür. ABŞ, Qərb ölkələri və anti-Çin qüvvələrinin Sincanla bağlı məsələləri manipulyasiya etmək üçün BMT-dən cəbhə kimi istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur”, - Çinin Daimi Nümayəndəliyinin sözçüsü Lü Yuin bildirib.