BMT Baş Assambleyasının (BA) 75-ci sessiyasınını sədri Volkan Bozkır sentyabrın 15-də vəzifələrinin icrasına başlayacaq.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 194 ölkənin təmsil olunduğu BMT Baş Assambleyasına sədrliyin Türkiyəyə ötürülməsi mərasimi təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçiriləcək.
Volkan Bozkıra sədrlik BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Muhəmməd-Banda Ticanidən keçəcək.
Daha əvvəl 178 ölkənin nümayəndəsi BA-nın 75-ci sessiyasının sədri olaraq Türkiyə təmsilçisinin namizədliyini dəstəkləyərək ona səs verib.
Türkiyənin BMT-dəki belə yüksək postdakı ilk təmsilçisinin mandatı 2021-ci ilin sentyabrında başa çatacaq.
Qeyd edək ki, hər il sentyabrda təşkilata üzv dövlətlərin nümayəndələri Baş Assambleyada iştirak etmək üçün Nyu Yorka toplaşırlar. Amma 75-ci sessiya əvvəlkilərdən fərqli olacaq. Koronavirus pandemiyası səbəbindən BA-nın 75-ci sessiyası sentyabrın 22-də videokonfrans rejimində açılacaq.
1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən, yaradılan Baş Assambleya BMT-nin əsas müzakirə, direktiv və nümayəndəli orqanıdır.