BMT təhlükəsizlik məsələləri üzrə Rusiya-Amerika dialoqunu alqışlayır və bu istiqamətdə bütün danışıqlar səylərini dəstəkləyir.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Baş katib mətbuatda gedən müvafiq məlumatlardan xəbərdardır. Biz Rusiya ilə ABŞ arasında mövcud çətinliklərin, gərginliyin azaldılması və regionda sülhün təmin edilməsi üzrə müxtəlif səviyyələrdə dialoqu alqışlayırıq.
Baş katib bütün maraqlı tərəflərə Ukraynanın şərqindəki münaqişənin Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsində təsbit olunmuş Minsk razılaşmalarına uyğun olaraq sülh yolu ilə həlli üçün məsuliyyət daşıdıqlarını xatırladır və BMT-nin bu məqsədə nail olmaq üçün davam edən bütün danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyir ”, - Haq bildirib.