Bakı. 4 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların keçirildiyi İraqın Mosul şəhərindən son 5 gün ərzində 13 min nəfər ayrılıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stafan Dyujarrik məlumat verib.
"Gündəlik şəhəri tərk edən insanların axını 50% artaraq 1600-dən 2300 nəfərə çatıb. Döyüşlərlə əlaqədar Mosul və onun ətraf ərazilərindən ümumilikdə 130 min nəfər qaçıb", - S.Dyujarrik bildirib.
O əlavə edib ki, qaçqın axını dekabrın 29-da hərbi əməliyyatların ikinci mərhələsinin başlamasından sonra artıb.
Qeyd edək ki, dekabrın sonlarında İraq hakimiyyəti İraqda İŞİD qruplaşmasına qarşı aparılan əməliyyat zonasını iki ay ərzində 140 min nəfərin tərk etdiyini açıqlayıb.