Bloomberg "Apple"da mümkün kadr dəyişiklikləri barədə məlumat əldə edib

Digər ölkələr
  • 31 avqust, 2026
  • 07:21
Bloomberg Appleda mümkün kadr dəyişiklikləri barədə məlumat əldə edib

Sentyabrın 1-də Apple-ın baş direktoru vəzifəsinin icrasına başlayan Con Ternus yaxın bir neçə ildə şirkət rəhbərliyində genişmiqyaslı kadr dəyişiklikləri apara bilər.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, növbəti üç il ərzində Ternus, böyük ehtimalla, texnikanın hazırlanması, marketinq, pərakəndə satış və insan resursları daxil olmaqla, "Apple"ın əsas fəaliyyət istiqamətlərinə cavabdeh olan bir neçə yüksək səviyyəli rəhbəri dəyişməli olacaq.

Agentlik qeyd edir ki, burada söhbət o cümlədən artıq 60 yaşı tamam olmuş rəhbərlərdən gedir. Bundan əlavə, Ternus bəzi top-menecerlərin vəzifələrini yenidən bölüşdürərək, onların səlahiyyətlərinin bir hissəsini daha aşağı pilləli rəhbərlərə verə bilər.

Agentliyin qiymətləndirməsinə görə, yaxın illərdə "Apple"dan gedə biləcək rəhbərlər arasında pərakəndə satış üzrə baş vitse-prezident Deydre O'Brayen, aparat təminatı üzrə direktor Conni Sruci, marketinq üzrə baş vitse-prezident Qreq Cozvyak və korporativ xidmətlər üzrə vitse-prezident Luka Maestrinin adları var.

Aprel ayında "Apple", 2011-ci ildən şirkətə rəhbərlik edən Tim Kukun baş direktor vəzifəsini tərk edəcəyini elan edib. Sentyabrın 1-dən onu hazırda aparat təminatının hazırlanması şöbəsinə rəhbərlik edən Ternus əvəz edəcək.

Kukun rəhbərliyi dövründə "Apple"ın bazar kapitallaşması təxminən 350 milyard dollardan 4 trilyon dollara qədər artıb, şirkətin illik gəliri isə demək olar ki, dörd dəfə çoxalıb.