Minskdə ilk dəfə olaraq koronavirusun Hindistan ştammı aşkarlanıb. Ölkənin digər regionlarında bu ştamma hələki rast gəlinməyib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“COVID-19-a yoluxduqları təsdiq edilən şəxslərdən götürülmüş nümunələrin təhlili nəticəsində Minskdə götürülmüş 10 nümunədə “Hindistan” variantına uyğun mutasiya aşkarlanıb. Bununla da Belarusda “Hindistan” variantının aşkarlandığını təsdiq etmək lazımdır. Bununla belə, bu variantın ölkənin digər regionlarında yayılması qeydə alınmayıb”, - nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Belarusun Səhiyyə Nazirliyindən bildiriblər ki, “Hindistan” variantının digər variantlarla müqayisədə daha effektiv yayıldığını güman etmək üçün əsaslar var.
Qeyd edək ki, rəsmi statistikaya görə indiyədək Belarusda 411 551 nəfərin COVID-19 testi müsbət nəticə verib. Xəstəliyin yayılmış olduğu bütün dövr ərzində 3 063 nəfər bu infeksiyanın qurbanı olub.