BƏƏ vətəndaşlarını xaricə getməməyə çağırdı
- 05 mart, 2020
- 08:53
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə və Profilaktika Nazirliyi ölkə vətəndaşlarını və ölkədə yaşayan xarici sakinləri koronavirusun yayılması ilə əlaqədar xaricə səyahət etməkdən çəkinməyə çağırıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BƏƏ Səhiyyə Nazirliyinin “Twitter” hesabındakı məlumatda deyilir.
Qeyd edək ki, BƏƏ-də martın 8-dən etibarən dezinfeksiya işləri həyata keçirmək üçün ölkənin bütün orta və ali təhsil müəssisələri bir ay müddətinə bağlanacaq. Şagirdlər və tələbələr tətilə göndərilsələr də, bu müddətdə distant təhsil alacaqlar.
Ötən gün BƏƏ Səhiyyə Nazirliyi 6 yeni koronavirusa yoluxma halının aşkarlandığını açıqlayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 84 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 501-ə çatıb. Bunların 53 689 nəfəri sağalıb, 3 286 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.