Barselona təmsilçisi WUF13-də şəhərlərin problemlərindən danışıb

Digər ölkələr
  • 22 may, 2026
  • 11:23
Barselona təmsilçisi WUF13-də şəhərlərin problemlərindən danışıb

Müasir metropoliyalar bir-biri ilə əlaqəli çağırışlarla üzləşir - əhalinin artımı, nəqliyyat sistemlərinə artan yük, təbii ehtiyatlara tələbin artması, mənzil böhranı və bir sıra digər amillər.

"Report"un məlumatına görə, bunu Barselona Aqlomerasiyasının (Área Metropolitana de Barcelona) forsayt və strategiya şöbəsinin rəhbəri Eva Qarsiya Çueka Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

"Qeyd olunan çağırışlar ayrı-ayrılıqda mövcud deyil və təcrid olunmuş şəkildə həll edilə bilməz. Onlar koordinasiyalı və inteqrasiyalı həllər tələb edir. Məhz buna görə metropolitan səviyyə bu gün xüsusi əhəmiyyət kəsb edir", - o qeyd etdi.

Mənzil böhranının həlli və eyni zamanda iqlim dəyişikliyi ilə bağlı problemlərə mümkün yanaşmalardan danışarkən Eva Qarsiya Çueka vurğulayıb ki, Barselona Aqlomerasiyasında mənzil qayğı infrastrukturunun bir elementi kimi - gündəlik şəhər həyatının daha geniş sistemində qovşaqlar kimi nəzərdən keçirilir.

Onun sözlərinə görə, belə yanaşma nəzərdə tutur ki, mənzil siyasəti digər sahələrdən - ictimai nəqliyyata çıxışdan, xidmətlərlə təminatdan, iş yerlərinin əraziyə görə bölüşdürülməsindən, həmçinin sosial əlaqələrin inkişafından və keyfiyyətli ictimai məkanlardan ayrı mövcud ola bilməz.

"Başqa sözlə, mənzilə təcrid olunmuş şəkildə baxmaq olmaz. O, həmişə şəhər həyatının digər elementləri ilə bağlıdır", - o əlavə edib.