Banqladeşin Koks-Bazar şəhərində yerləşən qaçqın düşərgəsində baş verən yanğın nəticəsində 12 mindən çox insan evsiz qalıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, ümumilikdə myanmalı qaçqınların 2 minədək evi yanıb.
Yanğın nəticəsində azı 35 məscidin və qaçqınlar üçün 21 təlim mərkəzinin məhv olduğu bildirilir.
Banqladeş Müdafiə Nazirliyinin hesabatına görə, 2021-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər rohinca qaçqınlarının yaşadığı düşərgələrdə 222 yanğın hadisəsi baş verib. Kütləvi yanğınlar bu müddət ərzində azı 15 nəfərin ölümünə, 50 minə yaxın insanın evsiz qalmasına səbəb olub.
Qeyd edək ki, Koks-Bazar şəhərində yerləşən qaçqın düşərgəsi dünyanın ən böyük düşərgəsi hesab olunur. Burada Myanmadan gələn 900 minə yaxın rohinca qaçqını yaşayır.