Avstraliyada kənd icmalarına hücum edən dəvələr kütləvi şəkildə öldürülür.
“Report” “Fox13”ə istinadən xəbər verir ki, indiyədək helikopterlərdən də istifadə olunmaqla 5 mindən artıq heyvan məhv edilib.
Bundan əvvəl Cənubi Avstraliya ştatının rəsmi şəxsləri ictimai təhlükəsizlik və ətraf mühit sərvətləri ilə bağlı narahatlıq üzündən bu ay ərzində 10 minədək sahbsiz dəvəni öldürmək planı barədə açıqlama vermişdilər. Belə ki, anomal istilər və quraqlıq üzündən dəvələr dəstə-dəstə kənd icmalarına axışaraq onların qida və içməli su ehtiyatlarına zərər verdikləri, həmçinin yollarda da sürücülər üçün təhlükə yaratdıqları, zəifləyən dəvələrin su hövzələrinə girib tələf olaraq suyu xarab etdikləri qeyd olunub.
Qeyd edək ki, vaxtilə XIX əsrdə Avstraliyanı tədqiq etmək üçün qitəyə gətirilən dəvələr getdikcə çoxalaraq yabanı şəkildə yaşamağa başlayıblar. Hazırda qitənin səhra bölgələrində sayı milyondan artıq olan dəvələrin yerli bitki aləminə zərər verdikləri, su hövzələrini çirkləndirdikləri qənaəti üstünlük qazanıb.