Avropa Parlamenti Belarusa qarşı sanksiyaları tezləşdirməyə çağırıb

Avropa Parlamenti Belarusa qarşı sanksiyaları tezləşdirməyə çağırıb Belarusdakı insan haqlarının pozulmasına qarşı sanksiyalar dərhal işə salınmalıdır.
Digər ölkələr
19 Avqust , 2020 19:50
Avropa Parlamenti Belarusa qarşı sanksiyaları tezləşdirməyə çağırıb

Belarusdakı insan haqlarının pozulmasına qarşı sanksiyalar dərhal işə salınmalıdır.

“Report” xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri David Sassoli Avropa İttifaqının Belarusdakı vəziyyətə dair keçirdiyi növbədənkənar zirvə görüşü zamanı bildirib.

“Parlament Aİ Şurasını Avropa İttifaqının əlində mühüm alət olan sanksiyaları baş verən insan haqlarının ciddi pozuntularını yoxlamaq və cəzalandırmaq məqsədilə dərhal işə salmağa çağırır”, - deyən parlament spikeri həmin sanksiyalar arasında hakimiyyətdən sui-istifadə edərək vətəndaşların azadlıqlarını pozanların əmlakına həbs qoyulması tədbirinin də ola biləcəyini qeyd edib.

“Belarusun gələcəyini yalnız öz vətəndaşları onların azadlıqlarına zəmanət verən normal demokratik proses çərçivəsində təmin edə bilərlər. Ölkənin yaşadığı bu böhrana kənardan müdaxilə dözülməz olardı”, – deyən D.Sassoli ölkədə təqiblərin artması, hətta hərbi müdaxilə ehtimalının belə gündəmdə olduğunu diqqətə çatdırıb:

“Hamımızın borcu bu zorakılığı dayandırmaq, təqsirkarları məsuliyyətə cəlb etmək üçün nə lazımdırsa, etməkdir”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Son xəbərlər

Orphus sistemi