Avropa müdafiə qabiliyyətini gücləndirir
- 19 iyun, 2026
- 02:37
Avropa İttifaqının 27 ölkəsinin liderləri Rusiyadan gələn təhlükə fonunda blokun müdafiə qabiliyyətinin gücləndirilməsini sürətləndirmək və 2030-cu ilə qədər hərbi hazırlığını artırmaq barədə razılığa gəliblər.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Təhlükəsizlik və Müdafiə Sammitinin bəyanatında bildirilib.
Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Aİ üçün "mövcudluq çağırışıdır" və bu, ondan müdafiə qabiliyyətlərini gücləndirməyi, strateji asılılıqları azaltmağı və kritik silah boşluqlarını aradan qaldırmağı tələb edir.
Buna əsasən, üzv dövlətlərin hava məkanının pozulması ilə bağlı bir sıra hadisələrdən sonra Aİ-nin xarici sərhədlərinin qorunmasına xüsusi diqqət yetirilməlidir.
Aİ həmçinin hava hücumundan müdafiə və erkən xəbərdarlıq sistemlərinin, uzaqmənzilli zərbə silahlarının, pilotsuz uçuş aparatlarının və dron əleyhinə texnologiyaların inkişafını sürətləndirməyə və Avropa müdafiə sənayesinin istehsal gücünü genişləndirməyə çağırıb.
Qeyd olunub ki, liderlər hərbi xərclərin daha da artırılmasını, birgə silah tədarükünün inkişafını və müdafiə sənayesinin gücləndirilməsinə və Aİ-nin potensial böhranlara hazırlığının artırılmasına yönəlmiş SAFE və Avropa Müdafiə Sənayesi Proqramının (EDIP) həyata keçirilməsini dəstəkləyiblər.