Avropa Komissiyası (AK) müdafiə sahəsində 61 birgə elmi-tədqiqat layihəsinə 1,2 milyard avro ayırmağı planlaşdırdığını açıqlayıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
“Seçilmiş yüksək keyfiyyətli layihələr göstərdi ki, Avropada hərbi-sənaye əməkdaşlığı həqiqətən həyata keçirilə bilər, hətta geniş miqyasda. Aİ vəsaitləri ilə innovativ yeni nəsil müdafiə texnologiyalarını araşdıracaq və hazırlayacaq 700-ə yaxın şirkət dayanıqlı və rəqabətədavamlı sənaye bazası formalaşdıracaq”, - AK sədrinin icraçı müavini Marqrete Vestaqer deyib.
Onun sözlərinə görə, maliyyələşdirmə üçün müraciətlərin seçilməsi üzrə ilk müsabiqənin keçirildiyi Avropa Müdafiə Fondunun proqramı Aİ-nin bütün istehsal-istehlak zəncirini əhatə edir.
AK kommünikesində deyilir ki, fond yeni nəsil qırıcılar, tanklar və gəmilər, eləcə də mühüm müdafiə texnologiyaları kimi yüksək səviyyəli müdafiə layihələrini dəstəkləyəcək.
Seçilmiş təkliflərin həyata keçirilməsində Aİ-nin 26 üzv ölkəsi və Norveçdən olan 700-ə yaxın hüquqi şəxs iştirak edəcək. Layihələr həm də gücləndirilmiş müdafiə əməkdaşlığı ilə diqqət çəkir - hər birində 8 dövlətdən orta hesabla 18 təşkilat var. AK həmçinin kiçik və orta müəssisələrin əhəmiyyətli iştirakını da vurğulayır: bir sıra təkliflərdə onlar bütün cəlb edilmiş müəssisələrin 40%-dən çoxunu təşkil edir və tələb olunan ümumi maliyyələşdirmənin təxminən 20%-ni alacaqlar.
İndi AK-nın müvafiq xidmətləri seçilmiş istehsalçılarla qrant müqavilələri hazırlamağa başlayacaq. Bu müqavilələrin ilin sonuna qədər imzalanması gözlənilir.