Argentinada “Uber” taksi xidmətindən istifadəyə məhdudiyyət tətbiq edib

Digər ölkələr
  • 09 noyabr, 2018
  • 06:15
Argentinada “Uber” taksi xidmətindən istifadəyə məhdudiyyət tətbiq edib

Bakı. 9 noyabr. REPORT.AZ/ Buenos-Ayres Şəhər Məclisində “Uber” taksi xidmətindən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun qəbul edilib. 

“Report” TASS-a istinadən xəbər verir ki, sərnişinləri təhlükəyə məruz qoyanlara qarşı tədbir olduğu iddia edilən sənədin lehinə 39, əleyhinə isə 11 nəfər səs verib. 

Qanun “Uber”dən istifadə edən sürücülərin 7 gündən 30 günədək müddətə sürücülükdən kənarlaşdırılmasını, həmçinin 200 minədək peso (5500 ABŞ dolları) məbləğində cərimələnməsini ehtiva edir.

Qeyd edək ki, “Uber” Argentinanın paytaxtı Buenos-Ayres şəhərində 2016-cı il aprel ayından fəaliyyətə başlayıb. Həmin ay taksi sürücüləri həmkarlar ittifaqının iddiasını araşdıran məhkəmə şəhər hökumətinə bu xidmətin fəaliyyətini dayandırmaq mükəlləfiyyəti qoyan qətnamə çıxarıb. Lakin “Uber” bu qətnaməyə tabe olmayacaqlarını bildirib.