Argentinada pulun mənşəyinin yoxlanılması ləğv edilə bilər
- 20 may, 2025
- 07:46
Argentina hökuməti pulun mənşəyinə dair yoxlamaları ləğv etmək üçün tənzimləyici baza üzərində işləyir.
“Report” xəbər verir ki, bunu ölkə prezidenti Xavyer Miley “A24” telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, bu şübhəli əməliyyat bildirişləri qorxulu yuxudur. Siz dollardan təhlükəsiz istifadə edə bilərsiniz və heç kim sizdən heç bir izahat istəməməlidir”, - o, deyib.
Onun fikrincə, hökumət tərəfindən hazırlanan tədbirlər vəsaitlərin iqtisadiyyata daxil olmasını təmin etməlidir ki, bu da artım tempini xeyli sürətləndirə bilər:
“Argentinanın ÜDM-si 600 milyard dollardır və argentinalıların döşəklərinin altında 200-400 milyard dollar, yəni ÜDM-nin 33%-dən 66%-ə qədəri var”.
Mileyin fikrincə, dövlət vergidən yayınmaq üçün pullarını gizlədənləri cəzalandırmamalıdır, çünki insanlar özlərini oğru siyasətçilərdən qorumağa çalışırlar.
Qeyri-qanuni yolla əldə edilən pullarla bağlı suala Xavyer Miley cavab verib ki, iqtisadiyyat cinayətlə mübarizə üçün istifadə edilməməlidir: “Narkotik ticarəti ilə təhlükəsizlik və müdafiə nazirlikləri mübarizə aparmalıdır”.