Anomal istilər Dunayda suyun səviyyəsini azaldıb
- 19 iyul, 2026
- 22:04
Avropa ölkələrində, o cümlədən Macarıstanda müşahidə olunan anomal istilər Dunay çayında suyun səviyyəsinin kəskin azalmasına səbəb olub. Nəticədə gəmiçilikdə, o cümlədən turistik kruizlərin həyata keçirilməsində çətinliklər yaranıb.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Su Təsərrüfatı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, iyulun 19-da Budapeşt ərazisində Dunayda suyun səviyyəsi 2018-ci il oktyabrın 25-də qeydə alınmış tarixi minimum göstəricidən cəmi 24 santimetr yüksək olub.
Qurumun rəsmi saytında dərc olunan proqnoza əsasən, bu vəziyyətin azı gələn həftənin sonunadək davam edəcəyi gözlənilir. Aşağı su səviyyəsi ölkənin cənubunda, o cümlədən Baya və Moxaç şəhərləri yaxınlığında da müşahidə olunur.
Yerli KİV-in məlumatına görə, yaranmış vəziyyət səbəbindən yüzlərlə turist daşıyan bəzi kruiz gəmiləri Budapeştin şimalında Komarom, cənubunda isə Moxaç bölgəsində hərəkətsiz qalıb. Çay ekskursiyaları təşkil edən Mahart şirkəti isə Esterqom və Vişeqrad şəhərlərinin yerləşdiyi mənzərəli Dunay döngəsinə marşrutları müvəqqəti dayandırıb.
Bununla belə, Budapeşt daxilində fəaliyyət göstərən gəzinti gəmiləri turistlərə xidmət göstərməkdə davam edir. Lakin sərnişinlər suyun aşağı səviyyəsi səbəbindən çay tramvaylarına minmək üçün sahildən gəmiyə aparan kifayət qədər maili keçidlərdən istifadə etməli olurlar.
Mütəxəssislərin fikrincə, mövcud vəziyyətin ən diqqətçəkən göstəricilərindən biri də Dunayın sağ sahilində, Gellert dağının ətəyində yerləşən və "Aclıq qayası" adlanan qaya silsiləsinin yenidən suyun üzərinə çıxmasıdır. Bu qaya yalnız son dərəcə quraq və məhsuldarlığın aşağı olduğu illərdə görünür.