Yuxarı

Amerikalı həmsədr: “Minsk qrupunun tərkibində dəyişiklik planlaşdırılmır”

“Biz Türkiyə ilə işləməyə hazırıq”

Bakı. 9 Aprel. REPORT.AZ/ “Minsk qrupunun tərkibində dəyişiklik planlaşdırılmır”.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şənbə günü İrəvanda keçirilən mətbuat konfransında Ankaranın Dağlıq Qarabağla bağlı son bəyanatlarını nəzərə alaraq Türkiyənin üzvlüyünün məqsədəuyğunluğuna dair sualı cavablandırarkən bildirib.

"Bildiyiniz kimi, Türkiyə bəyanata qoşulub və biz Minsk qrupunun bütün üzvləri ilə, eləcə də Türkiyə ilə işləməyə hazırıq", - deyə amerikalı diplomat əlavə edib.

Aprelin 5-də ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini danışıqlar prosesinə dönməyə çağırıb.

Vyanada keçirilən iclasın yekunu üzrə qəbul edilən bəyanata görə, tərəflər güc tətbiqini dərhal dayandırmalıdır.
Minsk qrupuna Rusiya, ABŞ, Fransa, Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxildir.

"Biz Minsk qrupunun təmsilçiləri olaraq təmas xətti boyunca zorakılığın artması hallarını kəskin pisləyirik. Biz münaqişənin toxunduğu bütün ailələrə başsağlığı veririk və bütün tərəfləri silah tətbiq etməkdən çəkinməyə çağırırıq. Bu münaqişənin hərbi yolla həlli yoxdur", - deyə bəyanatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi