Yuxarı

Münhendə insanlara atəş açanların sayı ən azı 3 nəfər olub, ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

Hadisə Münhen şəhərindəki ticarət mərkəzində qeydə alınıb

Bakı. 22 iyul. REPORT.AZ/ Almaniyanın Münhen şəhərindəki ticarət mərkəzində insanlara atəş açan şəxslərin sayı ən azı 3 nəfər olub. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bavariya Federal bölgəsinin daxili işlər naziri İoahim Herman məlumat verib.

Onun sözlərinə görə, atəş açanlar hadisə yerindən qaçıb gizlənməyə müvəffəq olublar. Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu təsdiq edib. O, qeyd edib ki, polis ərazini mühasirəyə alıb və axtarışlar aparılır.

"Focus" jurnalı hadisə ilə əlaqədar Bavariya metrosunun fəaliyyəti dayandırıldığını xəbər verib. Məlumata görə, ölənlərin sayı 6 nəfərə çatıb.

"Bayerischer Rundfunk" radiostansiyasının məlumatına görə isə isə, Bavariyanın baş naziri Horst Zeexofer daxili işlər naziri İoahim Hermanla fövqəladə görüş keçirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Münhendəki ticarət mərkəzində insanlara atəş açan silahlı şəxslərdən birinin videogörüntüsü yayılıb.  



***21:33

Bavariya polisi Münhendəki ticarət mərkəzində silahlı insidentin baş verdiyini təsdiq edib. "Report"un məlumatına görə, bu barədə "NTV" məlumat yayıb.

Məlumata görə, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Lakin bununla belə polis naməlum şəxsin ətrafındakı adamlara atəş açdığını təsdiq edib və ölənlərin, habelə yaralananların olduğunu istisna etməyib.

"N24" telekanalı daha bir atışmanın olduğunu xəbər verib. Telekanalın məlumatına görə, hadisə "Karlsplatç" meydanında baş verib. Əraziyə çoxlu sayda polis cəlb edilib. Asayiş keşikçiləri insanlara atəş açmış şəxsin axtarışına başlayıblar.


***20:56

Almaniyada baş vermiş silahlı toqquşma zamanı 15 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Münhen şəhərindəki ticarət mərkəzində qeydə alınıb.

Məlumata görə, hazırda ticarət mərkəzində irimiqyaslı əməliyyat keçirilir.

Asayiş keşikçiləri insanlardan ərazini tərk etməyi xahiş ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi