Rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı Rusiyaya qayıtmaq istəyir.
"Report" "The New York Times"ə istinadən xəbər verir ki, bu barədə o, alman prokuroruna bildirib.
Məlumata görə, müxalifətçi sağalan kimi evə qayıtmağı planlaşdırır.
"O, Almaniyaya sürgünə yola düşməyə hazırlaşmır. O, Rusiyaya - evə qayıtmaq və işini davam etdirmək istəyir", - qəzet müsahibinin sözlərini sitat gətirib.
Onun sözlərinə görə, Navalnı vəziyyətindən tam xəbərdardır. Müxalifətçi həmçinin ona nə olmasından məlumatlıdır.
Mənbə qeyd edib ki, Navalnı prokurorla söhbətində Almaniyaya hadisənin birgə araşdırılmasını təklif edən Rusiya ilə əməkdaşlıqdan imtina etdiyini bildirib.
Avqustun 22-də Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya aparılıb. O, hazırda Berlin şəhərindəki "Şarite" Klinikasında müalicəsini davam etdirir.
Xatırladaq ki, 20 avqustda rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib.