Avropa İttifaqı institutları kibertəhlükəsizlik səbəbi ilə əməkdaşlarına “TikTok” sosial şəbəkəsini iş telefonlarına quraşdırmağı qadağan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidmətindən bildirilib.
“Avropa Komissiyası xidməti elektron cihazlarda “TikTok” tətbiqinin təhlükəsizlik səbəbi ilə quraşdırıla bilinməyəcyinə dair qərar verib. Bu məhdudiyyət şəxsi cihazlara tətbiq olunmur”, - AK-nın məlumatında deyilir.
Aİ institutlarındakı mənbələr Avropa İttifaqı Şurasının daha əvvəl öz rəsmilərinə oxşar təlimat verdiyini bildiriblər.
Son olaraq bu təcrübəyə Avropa Parlamenti qoşulub, ancaq onlar daha da irəli gedərək Avropa Parlamentinin müxtəlif daxili elektron xidmətlərinə, o cümlədən poçt serverlərinə daxil olmaq üçün şifrələrin saxlandığı şəxsi cihazlara da “TikTok” quraşdırmağı qadağan edib.
Bu addımların rəsmi səbəbi “Tiktok” kodunun Çinin xüsusi xidmət orqanları tərəfindən qapalı şəbəkələrə və məlumatlara qanunsuz giriş əldə etmək üçün istifadə edilə biləcəyindən doğan narahatlıqdır.
Daha əvvəl “Reuters” agentliyi Ağ Evin “TikTok” tətbiqinin iş cihazlarında və sistemlərdə quraşdırılmadığından əmin olmaq üçün dövlət qurumlarına 30 gün möhlət verdiyini yazmışdı.
Aİ və ABŞ 2018-ci ildən indiyədək Çin tərəfdən casusluq təhlükəsi ilə mübarizə bəhanəsi altında Çinin İT məhsullarının Qərb bazarlarından çıxıarılması kampaniyası keçirir.