Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq cinsi zorakılıq və qadın hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar paketini razılaşdırıb.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.
Qərar Beynəlxalq Qadınlar Günü ərəfəsində Niderlandın xarici işlər naziri Vopke Hukstranın təşəbbüsü ilə qəbul edilib.
Nazir bildirib ki, Ukrayna və Cənubi Sudan kimi ölkələrdəki münaqişələrdə, xüsusilə qadınlara və qızlara qarşı cinsi zorakılıq müntəzəm olaraq baş verir: “İran, Myanma, Suriya və ya Əfqanıstanda etiraz aksiyaları, həbslər zamanı qadınların hüquqları ciddi şəkildə pozulur”.
“Europa Press” agentliyinin məlumatına görə, siyahıda 3 təşkilat və 9 şəxs, o cümlədən Rusiya hərbçilərinin - tabor komandiri Nikolay Kuznetsov və polkovnik Ramil İbatullinin adı var. Aİ onların hərbi birləşmələrinin Ukraynada qadınlara qarşı cinsi zorakılıqla məşğul olduğunu iddia edir.
Siyahıda həmçinin Əfqanıstanın “Taliban” hökumətinin nümayəndəsi Məhəmməd Calid Hənəfi, Myanma daxili işlər nazirinin müavini və Cənubi Sudandan olan iki polisin adı var. Bundan əlavə, Suriya Qvardiyası, Myanmanın hərbi işlər və təhlükəsizlik üzrə qərargahı və İran həbsxanası da sanksiyalara məruz qalacaq.