Prezident: "Aİ ilə Britaniya arasında ticarət sazişinin vaxtında imzalanması inandırıcı deyil"

Digər ölkələr
  • 27 dekabr, 2019
  • 11:33
Prezident: Aİ ilə Britaniya arasında ticarət sazişinin vaxtında imzalanması inandırıcı deyil

Avropa Komissiyasının (AK) prezidenti Ursula von der Leyen Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında sərbəst ticarət sazişinin 2020-ci ilin sonunadək imzalanacağına şübhə etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Fransanın “Les Echos” qəzetinə müsahibəsində bildirən AK rəhbəri hər iki tərəfi qısa müddət ərzində bu barədəki danışıqları yekunlaşdırmağın mümkünlüyü barədə ciddi düşünməyə dəvət edib.

Ziddiyyətli məsələlərə dair razılıq əldə etmək üçün əlavə vaxt lazım olub-olmayacağını bilmək üçün gələn ilin ortalarında danışıqlarla bağlı vəziyyəti təhlil etməyin məqbul olacağı da qeyd olunub.

Aİ ilə Böyük Britaniya arasında ticarət sazişi “Brexit”dən sonrakı keçid dövründə imzalanmalıdır. Lakin Aİ 11 ay müəyyənləşdirilən həmin dövr ərzində ticarət məsələlərini yola qoymağın mümkün olmadığını açıqlayıb. Böyük Britaniyanın baş naziri Boris Conson 2020-ci ilin dekabr ayınadək ticarət sazişinə nail olacağını vəd edib.

Tərəflər arasında ticarət sazişi imzalamaq mümkün olmasa, onda onlar ticarət əlaqələrini Dünya Ticarət Təşkilatının qaydaları əsasında qurmalı olacaqlar ki, bu da həm Aİ, həm də Böyük Britaniya üçün iqtisadi tənəzzül demək olar.

Son xəbərlər

Bütün Xəbər Lenti