ABŞ hakimiyyəti yaxın vaxtlarda Ukrayna tərəfinə yeni hərbi yardım paketi təqdim etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Onun sözlərinə görə, Vaşinqton bunu qısa müddət ərzində etməyi planlaşdırır:
“ABŞ tərəfindən Ukraynaya təhlükəsizliklə bağlı bəzi əlavə hərbi yardımın göstərildiyini görəcəksiniz. Və məncə bu çox tezliklə olacaq”.
Ağ Evin nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynanı hərbi yardım da daxil olmaqla, dəstəkləmək planlarına sadiqdir. Belə ki, rəsmi Vaşinqton lazım olduğu qədər bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bu gün Pentaqon Kiyevə 275 milyon dollarlıq yeni hərbi yardım paketinin təqdim olunacağını açıqlayıb.