ABŞ Konqresində yüzlərlə nümayişçi saxlanılıb
- 05 oktyabr, 2018
- 00:02
Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları Konqresin iki ofis binasında 302 etirazçını saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kapitoli polisinin mətbuat xidmətinin rəhbəri Evu Maleçki bildirib.
O, qeyd edib ki, yerli vaxtla saat 15:30-da Senatın ofis binasında 293 nəfər qanunsuz nümayiş keçirdiyinə görə saxlanılıb. Maleçkinin sözlərinə görə, daha sonra Senatın digər ofis binasının 4-cü mərtəbəsində daha 9 nəfər saxlanılıb.
O, bildirib ki, saxlanılanlar arasında model Emili Ratakovski və aktrisa Emi Şumer də var.
"Hazırda saxlanılanların sayının çox olmasına görə onların adlarını təsdiq edə bilmərik", - deyə mətbuat xidmətindən bildirilib.
KİV-in məlumatına görə, nümayiş iştirakçıları Bretta Kavanonun ABŞ Ali Məhkəməsinin hakimi vəzifəsinə təsdiq edilməsi mümkünlüyünə qarşı etiraz ediblər.