Ağ Ev administrasiyası İraq hakimiyyətinə raket atəşlərinin dayanmayacağı təqdirdə ABŞ-ın bu ölkədəki səfirliyini bağlamağa hazırlıq haqqında bildirib.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti bildirib.
Diplomatik dairələrdəki mənbələrin məlumatına görə, daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bu barədə telefon söhbətləri zamanı İraq prezidenti Bərham Salehə və baş nazir Mustafa al-Kazımiyə xəbərdarlıq edib.
Məlumata görə, ABŞ-ın İraqdakı səfiri Metyu Tyuller İraqın xarici işlər naziri Fuad Hüseyinə bildirib ki, prezident Donald Tramp bununla bağlı siyasi qərar qəbul edib. Onun sözlərinə görə, iki ölkənin münasibətləri yeni eraya daxil olub.
Tramp administrasiyası "Ərbildəki konsulluğun saxlanılması şəraitində səfirliyin bir neçə ay ərzində bağlanmasına imkan verə biləcək ilkin addımlar atdığını" söyləyib. O, həmçinin güman edib ki, söhbət amerikalı hərbçilərin ölkədən çıxarılmasından gedə bilər.