“Ukrayna Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində həyata keçirdiyi əks-hücum əməliyyatlarının kifayət qədər yavaş tempdə davam etməsinə baxmayaraq, 2023-cü ilin yayına qədər Ukrayna işğaldan tam azad edilə bilər.
"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş komandanı Ben Hodces deyib.
"Ukrayna, təbii ki, Krım da daxil olmaqla, bütün ərazisi üzərində suverenliyini bərpa edəcək. Mən bunun gələn ilin yayına qədər baş verəcəyini gözləyirəm. Amma bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu sıxışdıraraq fevralda olduqları xəttə qaytaracaq. Bundan sonra isə Krımın azad edilməsinə hazırlıq üçün lazımi addımları nəzərdən keçirməyə başlayacaq”, - o bildirib.
Generalın sözlərinə görə, qışda Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunları ilə müqayisədə daha əlverişli şəraitdə olacaq, çünki döyüşlər onların doğma ərazisində aparılacaq.
Onun sözlərinə görə, əraziləri daha tez azad etmək üçün Ukraynaya tanklar lazımdır və 50 ölkə hazırda Ukraynanı ehtiyac duyduğu hər cür ləvazimatlarla təmin etməyə çalışır: "Bura qış geyimləri və avadanlıqlar da daxildir. Rusiyanın tədarük zənciri isə tükənib. Hazırda onlar cəbhəyə hazırlıqsız, təlim keçməmiş və nizam-intizamı olmayan hərbçiləri göndərirlər. Bu, onlar üçün daha böyük çətinliklər yaradacaq".