Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ hakimiyyəti son 5 ildə İran, İraq, Suriya və Sudana səfər etmiş Avropa ölkələri vətəndaşlarına viza verilməsi şərtlərini sərtləşdirir.
"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.
Məlumata görə, ikinci vətəndaşlığı adları çəkilən dövlətlərdən birindən olan Avropa İttifaqı ölkələrinin vətəndaşlarına əlavə şərtlərin tətbiqi nəzərdə tutulub.
Bu tədbirlər terrorçu İŞİD qruplaşması sıralarında döyüşmüş Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarına şamil olunacaq. Bu kimi məsələlərdə şübhəli bilinməyən avropalılar üçün ABŞ-a vizasız rejim qüvvədə qalacaq.
Xəbərdə bildirilib ki, İraq və Suriyada İŞİD fəal olduğundan ABŞ üçün təhlükəli sayılır, Vaşinqton İran və Sudanı isə "terrorçuluğu himayə edən dövlətlər" elan edib.