ABŞ dronların idxalına rüsumlar tətbiq edib

Digər ölkələr
  • 14 avqust, 2026
  • 03:20
ABŞ dronların idxalına rüsumlar tətbiq edib

ABŞ Prezidenti Donald Tramp ölkəyə ayrı-ayrı növ pilotsuz uçuş aparatlarının (PUA) və onların komponentlərinin idxalına 100 %-dək rüsumların tətbiq edilməsi barədə göstəriş verib.

"Report" bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Amerika liderinin sərəncamına əsasən, 100 %-lik tarif maksimal uçuş çəkisi 25 kq-dan çox olan PUA-lara, teplovizor sistemli dronlara, dok-stansiyalara və onlar üçün bəzi komplektləşdirici hissələrə tətbiq ediləcək.

Çəkisi 25 kq-dək olan dronlar və bir sıra komponentlər üçün 25 % həcmində rüsum müəyyən edilib.

Sənədlərdə qeyd olunub ki, Avropa İttifaqı ölkələri, Cənubi Koreya, Yaponiya, İsveçrə, Lixtenşteyn və Tayvandan olan bir sıra mallar üçün maksimal dərəcə 15 % təşkil edəcək.

Böyük Britaniyadan olan analoji məhsullar üçün rüsum 10 %-i aşmayacaq.

Trampın sözlərinə görə, tariflərin tətbiqi xüsusilə ABŞ-nin milli təhlükəsizliyinin gücləndirilməsinə və dronların daxili istehsalının artırılmasına yönəlib.