ABŞ-da son bir gündə daha 2 637 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının, KİV və başqa mənbələrin statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.
Bununla da Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 61 005-ə çatıb.
Məlumata görə, son sutkada ölkədə daha 27 440 nəfər koronavirusa yoluxub və beləliklə, infeksiya daşıyıcılarının sayı 1 040 608-ə yüksəlib.
Eyni zamanda ABŞ-da indiyədək 124 023 pasiyent koronavirusdan sağalaraq evə buraxılıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.