ABŞ-da koronavirus qurbanlarının sayı 42 minə çatdı
- 20 aprel, 2020
- 22:26
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 780 mini ötüb.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarda federal və yerli statistika əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı demək olar, 42 min nəfərə çatıb.
Universitetin məlumatına görə, ABŞ-da COVID-19-a yoluxanların sayı 782 159 nəfər təşkil edir. Ölkədə 41 816 nəfər koronavirusdan ölüb. Birləşmiş Ştatlarda virus daşıyıcısı olmuş 72 min xəstə artıq sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.