Bakı. 4 may. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatının prokurorluğu dizel mühərrikli avtomobillərlə bağlı qalmaqala dair iş üzrə "Volkswagen" konserninin keçmiş rəhbəri Martin Vinterkorna qarşı ittiham irəli sürüb.
“Report” xəbər verir ki, o, ABŞ hökumətinə qarşı fırıldaqçılıq və ölkənin "Təmiz hava haqqıda" qanununun pozulması məqsədi ilə həmkarları ilə işbirliyinə girməkdə müqəssir bilinir.
İstintaq iddia edir ki, "Volkswagen"in sabiq rəhbəri və konsernin digər beş əməkdaşı mühərriklərin standartlara cavab vermədiyini bildikləri bir halda, əlbir olaraq havaya buraxılan işlənmiş qaz sınaqlarının nəticələrini saxtalaşdırmaq qərarına gəliblər.
İttiham aktında bildirilir ki, Vinterkorna qalmaqalın ictimailəşməsinə az qalmış iki dəfə - 2014-cü ilin mayında və 2015-ci ilin iyulunda şirkətin Amerika emissiya sınaqlarını aldatdığı barədə məlumat verilib.
Avtokonsern proqram təminatının köməkliyi ilə dizel mühərriklərində kükürd oksid tullantılarının həddindən çox olmasına dair məlumatları azaldıb.