ABŞ-ın San Dieqo şəhərində baş verən atışmada üçü uşaq olmaqla beş nəfər ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Polisin verdiyi məlumata görə, səhər saatlarında “911” xidmətinə mübahisə səslərinin eşidildiyi zəng daxil olub. Daha sonra növbəti zəngi həmin ünvanda atışma səsləri eşidən qonşulardan biri edib.
Çağırış ünvanına gedən polis qadın və kişi meyiti ilə yanaşı üç yaşlı uşağın cansız bədənini də aşkar ediblər. Silahlı insident nəticəsində yaralanan beş və doqquz yaşlı uşaqlar xəstəxanada keçinib.
Evdə aşkar edilən digər yaralı, 11 yaşlı yeniyetmə isə əməliyyat olunub. Onun vəziyyəti barədə məlumat verilməyib.
Kanalın məlumatına görə, evdə qadın dörd uşağı ilə birgə yaşayırmış. Meyiti tapılan kişinin ailə ilə hansı əlaqəsi olması hələ müəyyənləşdirilməyib. Polis qətlləri törətməkdə şübhəli bilinən şəxsin ölənlər arasında olduğunu ehtimal edir.