Amerikanın Sakramento (Kaliforniya ştatı - Red) şəhərində məhkəmə, 13 nəfəri öldürdüyünü və onlarla insana təcavüz etdiyini etiraf edən 74 yaşlı Cozef Ceyms Deancelon barəsində qərar çıxarıb.
“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Qərara əsasən, Cozef Ceyms Deancelon ömürlük azadlıqdan məhrum edilib.
Keçmiş polis zabiti olan Deancelon on illərlə davam edən axtarışlardan sonra 2018-ci ildə həbs olunub.
Onun şəxsiyyətini DNT müayinəsinin köməyi ilə müəyyənləşdirmək mümkün olub. Cozef həmçinin, həbsxanadan vaxtından əvvəl azad olmaq hüququndan da məhrum edilib. Hökm oxunmamışdan əvvəl qatil “etdiyim əməldən səmimi şəkildə peşmanam” söyləyib.
Yerli rəsmilərin dediyinə görə, Deancelon 1976-cı ildən 1986-cı ilə qədər Kaliforniyada ən azı 13 qətl törədib və 50-dən çox şəxsə təcavüz edib.
Onun “Qızıl ştatdan olan qatil”, “Əsl gecə ovçusu”, “Şərqdən gələn təcavüzkar” kimi bir çox ləqəbləri olub.
Əvvəlcə hüquq mühafizə orqanlarının əməkdaşları cinayətləri ayrı-ayrı şəxslərin törətdiyini ehtimal etsələr də, zaman keçdikcə bütün cinayətlərin bir nəfər tərəfindən törədildiyinə əmin olublar.