Pandemiya dövründə ABŞ-da 11 sentyabr terroru qurbanları necə anılacaq?

Pandemiya dövründə ABŞ-da 11 sentyabr terroru qurbanları necə anılacaq? ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtində yerləşən Ümumdünya Ticarət Mərkəzində törədilən terror aktından 19 il ötür.
Digər ölkələr
264
10 Sentyabr , 2020 10:10
Pandemiya dövründə ABŞ-da 11 sentyabr terroru qurbanları necə anılacaq?

ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtində yerləşən Ümumdünya Ticarət Mərkəzində törədilən terror aktından 19 il ötür. 

"Report"un xüsusi müxbiri xəbər verir ki, koronavirus pandemiyası səbəbindən bu il ölkədə kütləvi anım tədbirləri keçirilməyəcək.

Nyu-York şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış 9/11 Memorialının sözçüsü Olivia Egger "Report"a bildirib ki, pandemiyanın yayılmasının qarşısını alınması tədbirləri çərçivəsində ölkə paytaxtı Vaşinqton və Nyu-York şəhərlərində heç bir kütləvi tədbirin keçirilməsinə icazə verilməyəcək: "Sadəcə, terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Axşam saatlarında isə Ümumdünya Ticarət Mərkəzinin yerində ucaldılmış “Sıfır Nöqtəsi” xatirə memorialı və 9/11 Muzeyi ziyarətçilərə açılacaq. Bununla yanaşı, gün batımında Nyu-York səmasında qüllələri təcəssüm etdirən iki işıq şüası göyə doğru şölələnəcək və həmin işıqlar şəhərin hər yerində görünəcək". 

Qeyd edək ki, hazırda xüsusi dəmir baryerlərlə hasarlanmış ərazini ziyarətçilər polis nəzarətində gəzir, faciə qurbanlarının adlarının üzərinə çiçək dəstələri qoyurlar. 9/11 Memorialının nizamnaməsinə görə, faciə qurbanlarından doğum günü olan şəxslərin adlarının üzərinə ağ qızılgül qoyulur. ABŞ-ın bir çox ştat və şəhərlərində gələn minlərlə insan hər gün 9/11 Memorialını ziyarət edir. 

Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində 2977 nəfər ölüb, 6300 nəfərə yaxın isə yaralanıb. ölənlər arasında ABŞ vətəndaşı olan bir uyğur türkü də vardı. 

Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

2002-ci il martın 11-də Ümumdünya Ticarət Mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub. Bir ay ərzində Manhetten səmasına dağılan binaların simvolu olaraq iki paralel işıq sütunu ucalıb. Terror aktının onuncu ildönümündə isə “Əkiz” qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.

2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzeyi fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir. Ekspozisiyada əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi