​Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı diaspor təşkilatları geniş təbliğat kampaniyasına başlayıb

​Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı diaspor təşkilatları geniş təbliğat kampaniyasına başlayıb Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək
Diaspor
16 Fevral , 2015 15:46
​Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı diaspor təşkilatları geniş  təbliğat kampaniyasına başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü bu il dünya ölkələrində yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatları tərəfindən daha geniş miqyasda qeyd olunur. "Report" Diasporla  İş üzrə  Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar bu tədbir və aksiyalarla 23 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliamı, erməni vəhşiliklərini yaşadıqları ölkənin ictimaiyyətinə və xalqına çatdırmağa çalışacaq. 

Azərbaycan diaspor təşkilatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasında da aktiv iştirak edəcək. 

ABŞ-ın Nyu-York şəhərində - BMT-nin mənzil qərargahının, Vaşinqtonda isə Ermənistan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Los-Anceles, San-Fransisko, Hyuston, eləcə də digər şəhərlərdə yerli və xarici gənclər arasında faciə ilə bağlı debatların, konfrans, dəyirmi masa və anım mərasimlərinin təşkili planlaşdırılıb. 

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Almaniya, Niderland, Belçika, Danimarka, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Çexiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunmuş müxtəlif səpkili tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Avropanın bir sıra şəhərlərinin mərkəzi küçə vən meydanlarında yürüş, etiraz aksiyaları keçiriləcək, bəzi şəhərlərin ictimai nəqliyyatında Xocalı soyqırımından bəhs edən videoçarxın nümayişi, fotosərgilərin təşkili, fotostendlərin qurulması planlaşdırılıb. 

Bundan başqa, bir sıra ölkələrin yerli kütləvi informasiya vasitələrində Xocalı soyqırımının ildönümünə həsr olunmuş materialların dərci nəzərdə tutulub. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Rusiyanın, Ukraynanın bir çox bölgələrində, Belarus və Moldovada da faciəyə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Faciənin növbəti ildönümü ilə əlaqədar Türkiyə, Gürcüstan, Qazaxıstanda geniş təbliğat kampaniyasının aparılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi