Xaricdəki həftəsonu Azərbaycan məktəblərinin fəaliyyət istiqamətləri və gördüyü işlər açıqlanıb.
“Report” xəbər verir ki, məktəblərin məqsədi xaricdə doğulan azərbaycanlı uşaqlara ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmaqdır.
Bu gün elə bir tarixi şərait yaranıb ki, diaspor kimi fərqli start nöqtələrinə sahib olan Azərbaycan və erməni icmaları öz fəaliyyətlərini birincinin üstünlüyü ilə davam etdirir. Avropa və ABŞ-dakı ermənilərə hava balonlarına bənzər aşırı güvən verən təkcə türk düşmənçiliyi, böyük Ermənistan xülyaları ilə sıx birləşmələri deyil, daha çox diasporun maddi imkanlarıdır. Bu gün xaricdəki azərbaycanlılara isə güvən verən qalib xalq olmağımız, torpaqlarımızı öz gücümüzlə azad etməyimizdir. Məhz bu amil xaricdəki icmalarımızı ermənilərlə mübarizədən geri çəkilməyə, cəsarətlərini azaltmağa qoymur. Güvən və cəsarət isə birliklə, vətənə bağlılıqla daha da güclənir. Ölkəmizin diaspor siyasətinin güclənməsi, xaricdəki soydaşlarımızın birlik anlayışına yeni müstəvilərdə yanaşmaları, bərabərlik yolundakı saysız-hesabsız uğurları, balansı tam mənası ilə Azərbaycan icmalarının xeyrinə dəyişib.
Tarixi ekskurs edərək qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyev bütün xarici səfərlərində xaricdə yaşayan azərbaycanlılarla görüşür, onları həmrəyliyə dəvət edirdi. Diasporumuzun bugünkü birliyinin, potensialının Azərbaycanın mənafeləri üçün sərf etmələrinin əsası da məhz həmin illərdə qoyulmuşdu.
Bu yazıda məqsədimiz icmalarımızın Azərbaycanla bağlılıqlarına, onların təşkilatlanmasına, birləşməsinə təsir edən təməl prinsipləri araşdırmaq, real birlik imkanlarını təhlil etməkdir. Cavab almaq istədiyimiz ən vacib suallardan biri bu birliyə xaricdəki Azərbaycan Evlərinin, onların nəzdindəki həftəsonu məktəblərinin və “Qarabağ” məktəblərinin verdiyi, verə biləcəyi töhfələrlə bağlıdır. XaricdəkiAzərbaycan məktəbləri mövzusunu incələyərək işin detallarına toxunaq və səmərəlilik anlayışını məhz detallarda axtaraq.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən möhtəşəm V Qurultayındakı tarixi çıxışında xaricdəki yeni nəsil soydaşlarımıza yönəlik vacib tövsiyyələr vardı. Cənab Prezident açılış nitqində bildirdi ki: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.
Xarici təhlilçilərə görə “ana dili” ifadəsindəki ana sözü hamımızın eyni “can”dan olduğumuzu xatırlatmaqdan daha böyük anlam daşıyır. Ona görə ki, ana sözü həm də “təməl”, “eyni”, “əsas” kimi məna çalarlarının cəmidir. Bu baxımdan haqqında danışdığımız həftəsonu məktəbləri və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” məktəbləri xaricdə doğulan azərbaycanlı uşaqların gələcəyi üçün əvəzsiz addımdır və onlara qiymətsiz hədiyyədir. Həmin məktəblər həm soydaşlarımıza hansı dərin bağlarla bir-birinə bağlı olduqlarını “xatırladır”, onları birləşdirir, həm də yaşadıqları cəmiyyətlərə uğurlu inteqrasiya olunan azərbaycanlı uşaqları “yadlaşmaqdan” xilas edir.
Son statistik məlumatlara görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın müxtəlif ölkələrində 19 Azərbaycan Evi açılıb. Azərbaycan Evlərinin faydalılıq əmsalının yüksək olması, dinamik və güvənilə biləcək xarakterə malik olmaları həm də həmin evlərdəki həftəsonu məktəblərinin qaneedici fəaliyyətləri ilə ölçülür.
Türkiyə, Ukrayna, Almaniya, İspaniya, Macarıstan, Gürcüstan, Polşa, Yunanıstan, Avstriya, Misir, Finlandiya, Estoniya, Belçika, İsveçrə və bəzi başqa ölkələrdə açılan evlərin funksiyaları arasında soydaşlarımıza, xüsusilə qürbətdəki yeni nəsil azərbaycanlılara ana dilini, tarix və mədəniyyətimizi tədris etmək, milli kimliyi tanıtmaq xüsusi yer tutur.
Xaricdəki həftəsonu məktəblərinə gəlincə, Londondakı onlayn “Qarabağ” məktəbinin əhatə dairəsi çox genişdir. Hazırda məktəbə İngiltərənin müxtəlif şəhərlərindən, eyni zamanda, İsveçrə, Almaniya və bəzi Afrika ölkələrindən 65 şagird cəlb olunub. Məktəbin xidmətlərindən təkcə azərbaycanlılar deyil, həm də xaricilər uğurla istifadə edir.
Ümumiyyətlə, Böyük Britaniyada 2, Kanadada 2, ABŞ-da 1 həftəsonu məktəbi fəaliyyət göstərir və həmin məktəblərin bəzilərinə Azərbaycan dövləti dəstək göstərir, bəzilərinə həmin ölkələrdəki soydaşlarımız dayaq durur. Komitə həmin məktəbləri hər cür vəsaitlə, o cümlədən kitablar və milli atributlarla təmin edir, onların müxtəlif xarakterli tədbirlərinin təşkilinə yaxından kömək göstərir.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Evi tipli mərkəzlərdə 150-dən çox tələbəyə digər fənnlərlə bərabər gürcü dili də tədris olunur. Bu günədək 360-a yaxın tələbə gürcü dili kurslarını müvəfəqiyyətlə bitirib və sertifikat alıb. Gürcüstandakı məktəbli soydaşlarımızın bir qismi ali təhsil müəssisələrinə hazırlıq prosesində həmin məktəblərin xidmətindən yararlana bilir.
Berlindəki məktəb və kurslarda ümumilikdə 40, Barselonadakı həftəsonu məktəbinin və Praqadakı həftəsonu məktəbinin hərəsində 20-yə yaxın, Nant şəhərindəki “Qarabağ” məktəbində 20-dən çox azərbaycanlı uşaq təhsil alır. Hazırda təkcə Rusiya Federasiyasının 53 regionunda Azərbaycan dili, tarixi və mədəniyyətini tədris edən həftəsonu məktəbləri fəaliyyət göstərir.
Fransa, Polşa, Finlandiya, İsveçrə, Çexiya, Litva, Estoniya, Ukrayna, Rusiya, Danimarka, Niderland, Macarıstan, ABŞ, Türkiyə, İspaniya, Norveç, İsveç, Kanada, Moldova, Özbəkistan, Qırğızıstan və neçə-neçə digər ölkələrdəki onlarla həftəsonu məktəblərində ümumilikdə yüzlərlə soydaşımız oxuyur. Qahirədəki Azərbaycan Evinin nəzdindəki məktəbdə onlarla misirli tələbənin Azərbaycan dilini və mədəniyyətini öyrənməsi, ana dilimizdə təmiz danışmaları indi dillər əzbəridir.
İcma üzvlərinə təmənnasız xidmət göstərən həftəsonu məktəblərinin sistemli və coxistiqamətli fəaliyyəti diqqətçəkəndir. Məktəblərdə həm ana dili, ədəbiyyatı, tarixi öyrədilir, həm də rəqs, musiqi dərslərinə, şahmat və digər oyunlara geniş yer verilir. Bəzi məktəblər müxtəlif yaş qrupundan olan soydaşlarımıza yaşadıqları ölkələrin də dilini öyrənməkdə kömək edir. Onlar təhsili başa vurduqdan sonra milli kimliyə, milli adət-ənənələrimizə tam hakim olur, müxtəlif dillərdə ünsiyyət qura bilirlər. Xaricdəki həftəsonu məktəbləri və “Qarabağ” məktəbləri iki üstün cəhəti ilə də diqqəti çəkir. Bunlardan biri onların hər birinə ixtisaslı müəllimlərin cəlb edilməsi, digəri isə məktəb kollektivlərinin müxtəlif xarakterli tədbirlərin təşkilini uğurla həyata keçirməsidir.
Yeri gəlmişkən qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi məxsusi olaraq həmin məktəblər üçün dərsliklər hazırlayıb. Məktəblərin kollektivləri, tədris prosesləri, bu fəaliyyətin keyfiyyət göstəriciləri və valideynlərin məmnunluq hissləri ilə bağlı dəfələrlə yerli mətbuatda yazılara və videoçarxlara rast gəlinir.
Bütün bunlar xaricdəki yeni nəsil azərbaycanlıların ana dili və qeyd etdiyimiz digər sahələrlə bağlı biliklərinin artırılmasına birbaşa xidmət edən onlarla faktdan yalnız bəziləridir və digər həftəsonu məktəbləri ilə bağlı statistika da ürəkaçandır.
Çox güman ki, zamanla həmin ölkələrdə yaşayan, ana dilini, tariximizi və mədəniyyətimizi mükəmməl bilmək istəyən daha çox uşaq həftəsonu məktəblərinə cəlb olunacaq.
Beləliklə, xaricdəki həftəsonu məktəblərinin fəaliyyətini təhlil edərək hansı nəticəyə gəlmək olar?
- birincisi və ən əsası həmin məktəblər soydaşlarımız üçün birləşdirici xarakter daşıyır, azərbaycanlı uşaq və gənclərin sözdə deyil, reallıqda birlik anlayışını dərinləşdirir;
- ikincisi, həm azərbaycanlılar, həm də xaricilər üçün məlumat bazası rolunu oynayır;
- üçüncüsü, burada azərbaycanlılar ana dilini, tarix və mədəniyyətimizi, milli kimliklərini öyrənmək imkanı qazanır;
- dördüncüsü, bu imkan Azərbaycanla xaricdəki icmalar arasında daha dərin ünsiyyət qurmağa şərait yaradır;
- beşincisi, həmin evlər yeni nəslə məxsus icma üzvlərində özünəgüvən hissini formalaşdırır və qoruyur;
- altıncısı, məktəblərə gələn soydaşlarımız onların xidmətindən təmənnasız istifadə edirlər.
Son və ən əsas qənaət budur ki, diaspor siyasətinin vacib qolu həm də yeni dövr üçün insan kapitalının formalaşmasına töhfə verməkdir. Məsələnin ən vacib hissəsi də məhz budur.“İnsan kapitalı”na sərmayələr illərlə və məqsədli şəkildə qoyulur. Həmin sərmayələr cəm halında toplaşaraq “gəlir gətirmək qabiliyyəti”nə malik olurlar. Xaricdəki həftəsonu məktəblərinə və burada təhsil alan yeni nəsil azərbaycanlılara sərf olunan vəsait zamanla diaspor siyasətinin güclü aktorlarının yetişməsinə, lobbiçilik siyasətində rol almalarına və nəticədə Azərbaycana “siyasi gəlir” gətirmələrinə vəsilə olacaq. Unutmayaq ki, insan kapitalı qazanılması vacib olan ən dəyərli kapitaldır.
“Report”un analitik qrupu