Bakı. 4 fevral. REPORT.AZ/ "Amerika Azərbaycanlıları Şəbəkəsi" təşkilatı (USAN) prezident Barak Obamanın 2016-cı il üçün təqdim etdiyi büdcədə nəzərdə tutulan Ermənistana ayrılan yardımın azaldılması tələbi ilə ABŞ rəhbər dairələrinə ünvanladığı məktubu dərc edib.
"Report" USAN təşkilatının rəsmi saytına istinadən xəbər verir ki, məktubda ABŞ-ın Rusiyayönümlü və İranyönümlü Ermənistana 18,3 mln. dollar ayırmağı planlaşdırdığı, Ermənistan ərazisindən üç dəfə böyük olan qərbyönümlü və müstəqil Azərbaycana isə cəmi 7,9 mln. dollar ayırdığı qeyd olunur.
USAN bildirir ki, Ermənistana yardım üçün göndərilməsi planlaşdırılan vergi ödəyicilərinin pulları boş yerə xərclənəcək: "Bunu dayandırmaq lazımdır. ABŞ hökuməti təcavüzkar və bədxah Ermənistana yardım edərək, vergi ödəyicilərinin pullarını sərf etməməlidir. Ermənistan olduqca az məbləğdə yardım almalıdır, hərbi sahədəki yardımlar isə ümumiyyətlə dayandırılmalıdır".
Məktub ABŞ dövlət katibi Con Kerriyə, ABŞ senatorları və konqresmenlərə göndərilib.